Bakı Uşaq Teatrı – Tamaşalar haqqında məlumat

Bakı Uşaq Teatrı – Tamaşalar haqqında məlumat

“Humayın yuxusu” 

Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında Könül Şahbazovanın quruluş verdiyi “Humayın yuxusu” tamaşası 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Həmişə oyuncaqları ilə pis rəftar edən Humay yuxusunda oyuncaqlarını görür. Oyuncaqları onunla oynamırlar, onu cəzalandırırlar. Sehirli aləmdə canlanan oyuncaqlar həmin aləmin Məlakəsini köməyə çağırırlar. Məlakə onları sakitləşdirməyə çalışsa da, oyuncaqlar etiraz edirlər. Yuxudan ayılan Humay bir də oyuncaqlarını incitməyəcəyinə söz verir. Tamaşanın müddəti 45 dəqiqədir

 

“Fidan və Qoğal” 

Arzu Soltanın  “Qoğal” nağılının motivləri  əsasında qələmə aldığı “Fidan və Qoğal”  tamaşasında Dəcəl qızcığaz Fidanın nənəsinin ona bişirdiyi qoğalın başına gələn əhvalatlardan bəhs olunur. Fidan və dostları – Nazbalınc və Yorğanla evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Uşaqlara Fidanın timsalında bir çox nəsihətamiz fikirlər aşılanır. Nağıl babanın yuxusu kimi verilir.

5-9 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın rejissoru İntiqam Soltandır.

Tamaşanın müddəti 50 dəqiqədir.

 

“Şrek və dostları”

Məşhur nağıl qəhrəmanlarının iştirakı ilə hazırlanmış tamaşada hadisələr hökmdar Simbanın ad gününə hazırlıq prosesi ilə başlayır. Lakin alınmış məlumata görə kimsə təxribat hazırlayıb, bütün nağıl qəhrəmanlarını məhv etmək istəyir. Bu məsələni araşdıran Şrek və Eşşək gələn qonaqları bir – bir yoxlayır. Qonaqlar: Amerikadan Tom və Cerri, Azərbaycandan Tıq-tıq xanım və Siçan bəy, Rusiyadan Dovşan və Canavardır. Sonda məlum olur ki, təxribatı hazırlayan Simbanın xidmətçisi Vartandır. 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru İntiqam Soltandır. Tamaşanın müddəti 45 dəqiqədir

Danışan Gəlincik”

Müəllif: Abdulla Şaiq

Rejissor: İlhamə Əhmədova

Hökmdarın qızı Rəmziyyə sarayda tək qalıb darıxdığından öz oyuncaqları ilə oynamaqdan bezir. Hər gecə röyalarında onunla oynayan gəlincik görür. Özü də bu gəlincik insan kimi danışır. Rəmziyyə bütün oyuncaqlarını atır, sındırır, yeməyini yemir, dayənin sözünə baxmır “danışan gəlincik” istəyir. Çarəsiz qalan hökmdar aşbazın təklifi ilə kasıb rəiyyət qızlarından birini, İncini saraya “danışan gəlincik” kimi gətirir. Gəlinciklə dost olan Rəmziyyə İncini tanıyandan sonra öz səhvlərini başa düşüb atasından oyuncaqlarını rəiyyət uşaqlarına bağışlamağı xahiş edir.

“Dovşanın evi”

Dovşanın ailəsi öz evlərində şad-xürrəm yaşayır. Bir gün qonşuluqda yaşayan tülkü onlara gəlib hiylə işlədərək evə girir və qapını bağlayıb ev sahiblərini evə buraxmır. Müşənin başqa sakinləri – rəngsaz it, adqoyan ayı, dərzi xoruz dovşanlara kömək etməyə çalışırlar.

Əsasən aşağı sinif şagirdləri üçün nəzərdə tutulan tamaşa təhsilin, elmin, kitab oxumağın önəmini qabartmaq məqsədi daşıyır. Tamaşaçılar meşə heyvanlarının timsalında dar gündə dosta kömək etmək, mehriban və xeyirxah olmaq, problemlərə qarşı birlikdə mübarizə aparmaq, ağıllı məsləhətlərə qulaq asmaq, pis əməlləri ədalətlə cəzalandırmaq nümunəsi görürlər.

Arzu Soltanın eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın rejissoru İntiqam-Soltandır.