Arzu Soltan – ssenarist

Arzu Soltan – ssenarist

arzu
İxtisasca jurnalistdir. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 
1988-ci ildən Azərbaycan mətbuatında çalışır. “İnşaatçı”, “Ordu”, “Azadlıq” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 
1989-cu uldə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 
2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-da, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. 
Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatoru, Azərbaycanda, Gürcüstanda, Monqolustanda, Avstriya və Litvada bir sıra təlimlərin aparıcısı olub. 
“Azərbaycanda qadın mətbuatı” adlı tədqiqat işi, “Cənubi Qafqazda gender situasiyası” mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub. 
“Körpəm” Eksperimental Uşaq Teatrında və Bakı Uşaq Teatrında ədəbi hissə müdiri kimi fəaliyyət göstərib. 1990-cı ildən indiyə kimi bu teatrlarda 30-a yaxın pyesi səhnələşdirilib. Onlardan bir neçəsi müxtəlif müsabiqə və festivalların diplomuna layiq görülüb. 
Hazırda Bakı Uşaq Teatrının repertuarında olan narkomaniya və QİÇS mövzusuna həsr olunmuş “Xaşxaşın göz yaşı” tamaşası QİÇS-lə mübarizədə ən yaxşı fəaliyyət kimi Sağlamlıq Hüquqları Klinikasının keçirdiyi müsabiqənin qalibi olub və Avropa Şurasının Narkotiklərə qarşı mübarizə üzrə Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb.
Bir sıra televiziya verilişlərinin və uşaq filmlərinin ssenari müəllifi , eyni zamanda ABŞ-ın Save the Children təşkilatının layihəsi əsasında hazırlanmış “Quşcuğazın hekayətləri” uşaq verilişinin, “Pərvanələrin rəqsi” serialının ssenari müəlliflərindən biridir. 
2005-ci ildə uşaq hüquqlarına həsr olunmuş “Baş rolda hüquqlarımız” kitabı işıq üzü görüb. 
2006-cı ildə “DIPLOMAT KÖRPƏM” uşaq jurnalını təsis edib. Həmin jurnalın baş redaktorudur. 
Müstəqil jurnalist kimi müxtəlif mətbuat orqanlarında çıxış edir. 
Avrasiya Fondu, Avstriyanın Intercultural Centre, Litvanın the Association for non-formal Education təşkilatlarının gənc jurnalistlər üçün nəzərdə tutulan “Cənubi Qafqaz Avropanın bir hissəsidir” (2007-2010), mədəniyyət sahəsində çalışanlar üçün CAUCULT Qafqaz Mədəniyyəti Təşəbbüsləri Şəbəkəsi (2012-2014) layihələrində ekspert kimi çalışıb. 
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclərin gender mədəniyyətinin artırılması məqsədilə Forum tamaşalar və jurnalların hazırlanması”, “Azərbaycan dastanları audiokitablarının hazırlanması” layihələrinin rəhbəri olub. 
EITI Azerbaijan MSŞA İctimai Birliklər Koalisiyasının üzvüdür.
2008-2011-ci ildə N.Nərimanov adına Kütləvi Kitabxananın direktoru vəzifəsində çalışıb.
“Çox yaşa” və “Uşaq Teatrı” qəzetlərinin baş redaktoru olub.
2010-cu ildə hekayələrinə görə, Milli Kitab Mükafatının diplomuna layiq görülüb.
2011-ci ilin mayından “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədrinin müavini və “Miras” elmi-kütləvi jurnalının məsul katibi vəzifəsində çalışır. Strasburq (Fransa), Leyçester (Böyük Britaniya), Tromso (Norveç), İstanbul, Ankara, Amasiya, Ordu, Kahraman Maraş, Ərzurum, Sinop, Giresun, Konya (Türkiyə), Milan (İtaliya), Ohrid (Makedoniya), Kaseres (İspaniya), İaşi (Rumıniya), Tbilisi, Kutaisi, Batumi (Gürcüstan), Vyana (Avstriya), Vilnyüs (Litva), Kişinyev (Moldova), Kiyev, Odessa (Ukrayna), Sarayevo (Bosniya), Dehli (Hindistan) , Praqa (Çexiya ), Penza (Rusiya) və başqa şəhərlərdə keçirilən konfrans və seminarlarda, festivallarda iştirak və çıxışlar edib. 
Arzu Soltan (Arzu Əli qızı Həsənli) 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 
Ailəlidir. 3 övladı var.