İntiqam Soltan –  Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri.

İntiqam Soltan – Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri.

intiqam soltan
Azərbayçan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsini 1990-cı ildə bitirən İntiqam-Soltan ali dərəcəli aktyordur. Aktyorluq karyerasına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlayıb. Bu teatrda çalışarkən tamaşaya qoyulan demək olar ki, bütün əsərlərdə baş rolların ifaçısı olub. Onun yaratdığı P.Pancevin “Əkizlərin nağılı”nda dörd əkiz qardaş, G.Xuqayevin “Mənim qayınanam”da Elbrus, Z.Yaqubun “Didərginlər” əsərində gənc oğlan, Y.Əzimzadənin “Nəsirəddin” pyesində Nəsirəddin obrazları tamaşaçıların marağına səbəb olub.1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alan İntiqam-Soltan bu teatrda da öz yaradıcılıq metodları ilə seçilib. Onun V.Şekspirin “Yay gecəsində yuxu” (Xoşsifət), “Hamlet” (Horatsio), M.Xubayenin “Neron” (Britannik), Ə.Əmirlinin “20 ildən sonra” (Otello), “Varlı qadın” (vəkil), P.Merimenin “Karmen” (Dankayre), V.Səmədoğlunun “Generalın son əmri” (Stalin), “Mamoy kişinin yuxuları” (Kəlləmanqoy), C.Məmmədquluzadənin “Qurbanəli bəy” (Molla Nəsrəddin), Ə.Səmədlinin “Xeyir və şər” (Xeyir) və teatrda səhnələşdirilən bir çox başqa tamaşalardakı bir-birindən fərqli amplualı rolları ona tamaşacı rəğbəti qazandırıb. Aktyor Dövlət Gənclər Teatrının kollektivi ilə bir sıra beynəlxalq teatr festivallarında iştirak edib.
İntiqam-Soltan Azərbaycan teatr tarixində yeni bir səhifənin müəllifidir. Onun 1990-cı ildə yaratdığı “Körpəm” Eksperimental Uşaq Teatrı Azərbaycanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Uşaqlarla iş təcrübəsi, “Körpəm” EUT-da quruluş verdiyi uğurlu tamaşalar 2002-ci ildə İntiqam-Soltanın Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının direktoru-bədii rəhbəri vəzifəsinə təyin olunması ilə nəticələnib.
Hazırda İntiqam Soltan aktyorluq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, uşaqlarla işini də davam etdirir, Azərbaycan teatrı ücün yeni-yeni istedadlar yetişdirir, mədəniyyət tariximizə töhfələr verir. Bu illər ərzində onun onlarla yetirməsi İncəsənət Universitetinin tələbələrinə, məzunlarına, ölkədə müxtəlif teatrların aktyorlarına və rejissorlarına, teatr təhsili verən məktəblərin müəllimlərinə çevrilib. “Körpəm” EUT-da İntiqam-Soltan quruluşunda onlarla tamaşa kiçik və böyük tamaşaçıların ixtiyarına verilib, teatr müxtəlif layihələr gerçəkləşdirib.

Bakı Uşaq Teatrında da uğurlu layihələrin gerçəkləşdirilməsi ənənələri davam etdirilir, Azərbaycan və dünya yazıçılarının əsərləri, xalq nağılları və s. uğurla səhnələşdirilir.
Repertuarda İntiqam-Soltanın quruluş verdiyi “Hərə olduğu kimi gözəldir”, “Turpun nağılı”,”Xərçəng” (böyüklər üçün), “Şou-magiya”, “Fidan və qoğal”, “Qara sandıq”, “Sehirli çarıqlar”, “İki nəfər üçün oyun” və başqa tamaşalar var. Uşaq hüquqlarının müdafiəsinə qalxan “Şapalaqsız gün”, xəstəliklərə biganə münasibətin ailələrdə törətdiyi faciələrdən bəhs edən “ ”Qalan ömrün ilk günü”, narkomaniya və QİÇS bəlası ilə bağlı həyəcan təbili çalan “Xaşxaşın göz yaşı” tamaşaları isə, teatrın son illərdəki uğurlu işləridir. İntiqam-Soltanın quruluş verdiyi bu tamaşalar Avropa Şurasının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sifarişi ilə hazırlanıb. Bakıda və bölgələrdə təhsil müəssisələrində, həbsxanalarda və s. nümayiş olunub. “Qalan ömrün ilk günü” tamaşası Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən videolentə alınaraq ingilis dilində titrlərlə bir sıra Avropa təşkilatlarına göndərilib.
“Xaşxaşın göz yaşı” tamaşası Avropa Şurasının narkotiklərlə mübarizə üzrə PAMPİDOU qrupunun gənclərin iştirakı ilə gerçəkləşdirilən ən innovativ layihə diplomuna layiq görülüb.
Teatrda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanmış Arzu Soltanın “Qeyri-adi məhkəmə” və Gənclər və İdman Nazirliyinin sifarişi ilə eyni müəllifin əsəri əsasında hazırlanmış “Həyatla oyun”, “Günahsız günahkarlar” tamaşaları da maarifləndirici xarakter daşıyır. “Həyatla oyun” tamaşası demək olar ki, Bakıdakı bütün tədris ocaqlarında və eləcə də bölgələrdə nümayiş olunub.
İntiqam-Soltanın quruluş verdiyi Azərbaycanın himninə və bayrağına həsr olunmuş “Vətən” tamaşası teatrın repertuarında fəxri yer tutur.
2006-cı ildə İntiqam-Soltan Vektor Beynəlxalq Elm Mərkəzinin diplomuna layiq görülüb və onun adı XXI əsrin Azərbaycan ziyalıları kitabına salınıb.
2007-ci ildə İntiqam-Soltan Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbusların iştirakı ilə QİÇS xəstəliyi və narkomaniya əleyhinə yönəlmiş tamaşaya quruluş verib. Eyni zamanda “Cəzacəkmə müəssisələrində gənclərlə iş” tədris vəsaitini çapa hazırlayıb.
Bakı Uşaq Teatrı İntiqam-Soltanın rəhbərliyi ilə “Azərbaycan nağılları” və “Azərbaycan dastanları” silsilə audiokitabların hazırlanması layihəsini həyata keçirib.
Teatr Türkiyənin müxtəlif şəhərlərində Ankara, İstanbul, Sinop, Giresun, Amasya, Ərzurumda teatr festivallarında iştirak edib. 2012-ci ilsə Bakı Uşaq Teatrı və Türkiyənin Eksanat teatrı “Türk xalqlarının teatrı”adlı birgə layihə həyata keçiriblər. Layihə çərçivəsində hazırlanan “Əsgər Dursun” adlı tamaşada həm Azərbaycandan, həm də Türkiyədən olan aktyorlar rol alıb. Tamaşa hər iki ölkədə uğurla nümayiş etdirilib.
Azərbaycanda təşkil olunan çeşidli festivallarda da uğurla iştirak edən Bakı Uşaq Teatrı 2011-ci ildə mono tamaşalar və 2014-2015-ci illərdə Türkiyə, İran və Gürcüstandan olan teatr truppalarının da qatıldığı “Bizim Teatr” festivallarını təşkil edib və böyük uğurla gerçəkləşdirib.

İntiqam-Soltan Azərbaycanda 1998-ci ildən bəri iki ildən bir keçirilən Əlillərin ÜmumRespublika Yaradıcılıq Müsabiqəsi layihəsinin müəllifi, münsiflər heyətinin sədri və yekun konsertinin rejissoru olub.
Aktyor İntiqam-Soltan bir sıra filmlərdə də rol alıb. Onun filmoqrafiyasında
Cavid ömrü ( 2007), Doğma sahillər ( 1989), Dolu ( 2012), Əlvida, cənub şəhəri ( 2006), Əziz dost ( 2006), Girov ( 2005), Kəndim+nizə qayıdın!? ( 2007), Qara bayram (2010), Milçək ( 2006), Ömürdən uzun gecə ( 1996), Sirat körpüsü ( 2007), Yanmış körpülər ( 2003) filmləri var. İntiqam – Soltan həmçinin Həyat varsa ( 2012), Pərvanələrin rəqsi ( 2012), Səndən sonra (2014), Qız yükü (2014) seriallarında əsas rolları ifa edib.
“Səndən xəbərsiz”, “Və s. Və s. Və s. ” kitablarının müəllifidir.
2014-cü ilin martında İntiqam-Soltan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
İntiqam- Soltan (İntiqam Soltan oğlu Həsənli ) 1965-cı iln may ayının 11-də Naxçıvan MR-nın Ordubad rayonunun Nürgüd kəndində anadan olub.
Ailəlidir, 3 övladı var.