İntiqam Soltan   – Rejissor, Aktyor

İntiqam Soltan – Rejissor, Aktyor

intiqam
Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsini 1990-cı ildə bitirən İntiqam-Soltan ali dərəcəli aktyordur. Aktyorluq karyerasına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlayıb. Bu teatrda çalışarkən tamaşaya qoyulan demək olar ki, bütün əsərlərdə baş rolların ifaçısı olub. Onun yaratdığı P.Pancevin “Əkizlərin nağılı”nda dörd əkiz qardaş, G.Xuqayevin “Mənim qayınanam”da Elbrus, Z.Yaqubun “Didərginlər” əsərində gənc oğlan, Y.Əzimzadənin “Nəsirəddin” pyesində Nəsirəddin obrazları tamaşaçıların marağına səbəb olub.1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alan İntiqam-Soltan bu teatrda da öz yaradıcılıq metodları ilə seçilib. Onun V.Şekspirin “Yay gecəsində yuxu” (Xoşsifət), “Hamlet” (Horatsio), M.Xubayenin “Neron” (Britannik), Ə.Əmirlinin “20 ildən sonra” (Otello), “Varlı qadın” (vəkil), P.Merimenin “Karmen” (Dankayre), V.Səmədoğlunun “Generalın son əmri” (Stalin), “Mamoy kişinin yuxuları” (Kəlləmanqoy), C.Məmmədquluzadənin “Qurbanəli bəy” (Molla Nəsrəddin), Ə.Səmədlinin “Xeyir və şər” (Xeyir) və teatrda səhnələşdirilən bir çox başqa tamaşalardakı bir-birindən fərqli amplualı rolları ona tamaşacı rəğbəti qazandırıb. Aktyor Dövlət Gənclər Teatrının kollektivi ilə bir sıra beynəlxalq teatr festivallarında iştirak edib.
Bakı Uşaq Teatrının repertuarında İntiqam-Soltanın quruluş verdiyi “Hərə olduğu kimi gözəldir”, “Turpun nağılı”,”Xərçəng” (böyüklər üçün), “Şou-magiya”, “Fidan və qoğal”, “Qara sandıq”, “Sehirli çarıqlar”, “İki nəfər üçün oyun” və başqa tamaşalar var. Uşaq hüquqlarının müdafiəsinə qalxan “Şapalaqsız gün”, xəstəliklərə biganə münasibətin ailələrdə törətdiyi faciələrdən bəhs edən “ ”Qalan ömrün ilk günü”, narkomaniya və QİÇS bəlası ilə bağlı həyəcan təbili çalan “Xaşxaşın göz yaşı” tamaşaları isə, teatrın son illərdəki uğurlu işləridir.
Aktyor İntiqam-Soltan bir sıra filmlərdə də rol alıb. Onun filmoqrafiyasında
Cavid ömrü ( 2007), Doğma sahillər ( 1989), Dolu ( 2012), Əlvida, cənub şəhəri ( 2006), Əziz dost ( 2006), Girov ( 2005), Kəndim+nizə qayıdın!? ( 2007), Qara bayram (2010), Milçək ( 2006), Ömürdən uzun gecə ( 1996), Sirat körpüsü ( 2007), Yanmış körpülər ( 2003) filmləri var. İntiqam – Soltan həmçinin Həyat varsa ( 2012), Pərvanələrin rəqsi ( 2012), Səndən sonra (2014), Qız yükü (2014) seriallarında əsas rolları ifa edib.